ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda ali təhsil müəssisələrində ərəb dilinin tədrisinə dair müzakirələr aparılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş “Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub. Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib.
İnstitutun ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor ali tədris müəssisəsində bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədris olunduğunu qeyd edib. Rektor Azərbaycanda ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra təkliflər səsləndirib.
Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov Beynəlxalq Ərəb Dili Günü ilə bağlı təqdimatla çıxış edib. O, 1973-cü ildə ərəb dilinin BMT Baş Assembleyasında qurumun rəsmi dili elan edilməsi haqqında məlumat verərək, bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini vurğulayıb.
Fələstin dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim ərəb dilinin zənginliyi haqqında məlumat verib. O bildirib ki, ərəb dili ardıcıl olaraq 15 əsr ərzində davamlı şəkildə işləkliyini qoruyub-saxlayıb. Hazırda bu dili öyrənən şəxs müasir ərəb dilindən istifadə edərək, islamdan əvvəlki dövrə aid olan mətnləri oxuya bilər.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsi ərəb dilinin məziyyətlərindən danışaraq, müsəlman ölkələri arasında vaxtilə iqtisadi-mədəni körpü yaradan bu dilin vahid İslam mədəniyyətinin təşəkkülündəki rolu haqqında məruzə edib.
Azərbaycan Dillər Universitetinin baş müəllimi Ülviyyə Hüseynova qeyd edib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi, BMT dillərinə əlavə edildikdən sonra onun öyrənilməsinə tələbat artıb. Bu dilə artan maraq ərəb dünyası və ərəb dili mütəxəssisləri və müəllimlərinin üzərinə böyük məsuliyyət, qarşılarına isə çətin vəzifə qoyur.
Konfransda Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Aida Qasımovanın “Ələsgər Məmmədovun dərslikləri və Azərbaycanda ərəb dilinin tədris problemləri BDU-nun şərqşünaslıq fakültəsinin timsalında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidovun “Qurani-Kərimdə bədii ifadə vasitələrinin işlədilməsi xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib. Həmçinin AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlının “Qloballaşan dünyada ərəb dilinin artan rolu və potensial imkanları”, həmin institutun doktorantı Elnur Mustafayevin “Quranın ərəb dilinin inkişafında oynadığı rol”, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin elmi işçisi Natavan Bağırovanın “Ədi ibn Zeyd ərəb saray ədəbiyyatının ilkin nümayəndələrindən biri kimi”, Sumqayıt Dövlət Universitetinin tələbəsi Kənan Şahbazlının “Azərbaycan və ərəb ölkələri arasında mədəniyyətlərarası əlaqələrin dünəni və bu günü” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə, həmçinin Aİİ-nin tələbələri Mirzəli Mirzəzadə, Zeynəb İsmayılova, İskəndər İskəndərov, Elvin Rəcəbov və Davud Qəribli ərəb dilində şeir və mahnılar səsləndiriblər.