ELM VƏ TƏHSİL
BP şirkəti Bakı Ali Neft Məktəbinin yaxın tərəfdaşıdır
Bakı, 17 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP-nin planlaşdırma və kommersiya əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson ilə görüşüb. Görüşdə BP şirkətinin xarici işlər üzrə meneceri Günəş Əliyeva və BANM-in məsul əməkdaşları iştirak ediblər.
BANM-dən AZƏRTAC-a bildirib ki, görüşdə E.Qasımov BP-nin ali məktəbin ən yaxın tərəfdaşı olduğunu deyib. Azərbaycanın neft-qaz sənayesində gedən milliləşdirmə proqramında BP-nin xüsusi rolu olduğunu qeyd edən rektor bildirib ki, BANM-in artıq 11 məzunu bu şirkətdə çalışır. E.Qasımov BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb. O, ali məktəbdə Heriot-Vatt Universitetinin tədris proqramlarının istifadə olunduğunu vurğulayıb.
N.Henderson BP şirkətinin sosial layihələrə, xüsusilə təhsil sektorunun inkişafına və biliyin paylaşılması istiqamətində işlərə böyük önəm verdiyini bildirib.
Görüş zamanı rektor N.Hendersonu BANM-in tələbələrinə ustad dərsi keçməyə dəvət edib.
Rektorun dəvətini böyük məmnuniyyətlə qarşılayan vitse-prezident öz təcrübələrini, biliyini və karyera uğurlarını tələbələrlə paylaşmaqdan böyük zövq alacağını bildirib. Vitse-prezident, həmçinin bildirib ki, BP şirkəti əməkdaşlarına rəqəmsal texnologiya, süni intellekt və hər gün inkişaf edən dünyaya adaptasiya ilə bağlı təlimlər keçir və o, belə təlimləri BANM-in tələbələri üçün təşkil edə bilər.