REGİONLAR
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
Naxçıvan, 17 dekabr, AZƏRTAC
Naxçıvanın ISESCO-nun İslam Mədəniyyəti Paytaxtı layihəsinə çox mühüm töhfəsi var. Naxçıvanda qorunub saxlanılan miras, inkişaf etmiş mədəniyyət, mövcud tarixi abidələr bu baxımdan yüksək qiymətləndirilir. Naxçıvan, eyni zamanda, Avropa ilə müsəlman Şərqi arasında etibarlı bir körpüdür. Bu da Naxçıvan şəhərini nümunə kimi qiymətləndirməyə əsas verir.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri ISESCO-nun baş direktorunun müavini Əminə əl-Həcri deyib.
O vurğulayıb ki, Naxçıvan keçmişdə və müasir dövrdə İslam mədəniyyətinə verdiyi töhfələrə görə haqlı olaraq 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Sivilizasiyalararası dialoqda, keçmişlə bu gün arasında mövcud olan ənənələrin bölüşülməsində və islami dəyərlərin gənc nəslə ötürülməsində bu, çox mühüm hadisədir.
ISESCO-nun baş direktorunun müavini bildirib ki, bu layihə çərçivəsində il ərzində görülmüş bütün işlər Naxçıvanın, ümumilikdə, ölkənin beynəlxalq nüfuzunu artıran amillərdəndir. ISESCO Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, Azərbaycan Respublikasında görülmüş bu işləri yüksək qiymətləndirir. Burada keçirilmiş silsilə mədəni tədbirlər, konfranslar Naxçıvan kimi gözəl bir şəhəri görmək, qorunub saxlanılan mədəniyyətlə, insanlarla yaxından tanış olmaq üçün çox gözəldir.
Əminə əl-Həcri deyib: “Bu, mənim Naxçıvana ilk səfərim olsa da, çox dərin təəssürat aldım. Sakit, təmiz bir şəhərdə, mehriban insanların əhatəsində olmaqdan xoşbəxtəm. Elə düşünürəm ki, Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir. Bu işıq hər yerdə, hətta insanların təbəssümündə də hiss olunur. Səfərdən geri qayıtdıqdan sonra gözəl ölkəniz, şəhəriniz haqqında dostlarıma və həmkarlarıma danışacaq çox təəssüratlarım var”.