REGİONLAR
Bu il Sabirabadda əkiləcək tut tinglərinin sayı 13 minə çatdırılacaq
Sabirabad, 17 dekabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Cari ildə 14 tondan çox barama istehsal edən rayon kümçüləri gələn il məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Bəxtiyar Məmiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son illər Sabirabadda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Ötən il rayonun 6 kəndində 8 min tut tingi əkilib. Bu il isə 10 ərazi dairəsi üzrə nümayəndəlikdə 13 min tingin əkilməsi nəzərdə tutulub. Artıq Çin Xalq Respublikasından alınan 3 min və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən 10 min tut tingi rayona gətirilib. Bu günə kimi tinglərdən 8 min ədədi əkilib. Qalan 5 mininin əkini isə yaxın günlərdə başa çatdırılacaq.
Qeyd edək ki, sabirabadlı baramaçılar gələn il məhsul istehsalını 20 tona çatdırmağı planlaşdırırlar.