İQTİSADİYYAT
TASİM layihəsinin reallaşdırılması məsələsi Berlində müzakirə edilib
Bakı, 17 dekabr, AZƏRTAC
Frankfurtdan Honkonqa qədər əsas tranzit marşrutu yaradılmasını nəzərdə tutan TASİM (Transavrasiya İnformasiya Supermagistralı) layihəsinin reallaşdırılması məsələsi Berlində müzakirə edilib.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Almaniya ərazilərindən keçəcək tranzit xətt məsələsi Berlin Avrasiya Klubunun “Xəzərin hüquqi və iqtisadi statusu: Avropanın bu regionla əməkdaşlığının perspektivləri” mövzusuna həsr edilmiş iclasında müzakirə olunub.
Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko görüşdə deyib: “TASİM layihəsinin məqsədi informasiya texnologiyaları sahəsində tranzit potensialının inkişafını stimullaşdırmaq və 2030-cu ilə qədər dünya informasiya axınları trafikinin azı 2-3 faizinin Qazaxıstandan keçməsini təmin etməkdir. TASİM layihəsinin reallaşdırılması dünya standartlarına uyğun tranzit infrastrukturu yaradılmasını təmin edəcək və Qazaxıstan Respublikasının tranzit potensialını Avropa - Mərkəzi Asiya və Avropa - Çin istiqamətlərində inkişafına imkan yaradacaq”.
Klubun iclasında Xəzər dənizi istiqamətində nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsi üzrə əməkdaşlıq perspektivlərindən, Avropa İttifaqının Asiya regionu ilə iqtisadi baxımdan qovuşmasının yeni strategiyası çərçivəsində Avrasiya inteqrasiya proseslərinin yenidən dərk edilməsindən başlamış, konkret layihələrin səmərəliliyinin təmin edilməsinə yanaşmaların birgə axtarışına qədər müxtəlif məsələlər nəzərdən keçirilib.
Almaniya iqtisadiyyatının Şərq Komitəsinin idarəçi direktoru Mixael Harms Xəzər istiqamətində regionlararası əməkdaşlığın inkişaf perspektivlərini müsbət qiymətləndirib. O, alternativ layihələrin tədricən əlaqələndirilməsini təklif edib və vurğulayıb ki, belə layihələrin uğurlu gerçəkləşməsi Xəzər regionunu qlobal iqtisadi əlaqələrin mühüm tərkib hissəsinə çevirməyə imkan verərdi. M.Hrams Xəzəryanı dövlətlər arasında çoxtərəfli razılaşmaların genişləndiyi şəraitdə Almaniya və Avropa iqtisadiyyatının Xəzər dənizi regionunda infrastruktur və enerji layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Almaniyanın və Avropanın bir sıra firmaları transmilli layihələrin həyata keçirilməsi sahəsində kifayət qədər təcrübəyə və müvafiq nou-hauya malikdir, bu firmalar mürəkkəb məsələlərin həllində səriştəli olduqlarını göstəriblər.