CƏMİYYƏT
“Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirdiyi “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova müsabiqənin keçirilməsində məqsədin əhalinin icbari tibbi sığorta (İTS) və sığorta çərçivəsində təminat verilən tibbi xidmətlər haqqında məlumatlılığını artırmaqdan, ictimaiyyətin rəy və münasibətini öyrənməkdən, Azərbaycanda İTS-nin uğurlu tətbiqi üçün alternativ dayanıqlı maliyyə mənbələrinin və bu sahədə beynəlxalq təcrübənin təhlili ilə əlaqədar araşdırmalar aparmaqdan ibarət olduğunu deyib. Yazı müsabiqəsinə 29 məqalənin təqdim edildiyini diqqətə çatdıran departament rəhbəri yazıların agentliyin və tvinninq layihəsinin 7 eksperti tərəfindən qiymətləndirildiyini qeyd edib. O, müsabiqədə iştirak edən KİV nümayəndələrinə, dəstəyə görə tvinninq layihəsinin nümayəndələrinə öz dərin minnətdarlığını bildirib.
Tvinninq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinin və media nümayəndələrinin iştirakının çox əhəmiyyətli olduğunu deyib. O, agentlik ilə birgə təşkil edilən yazı müsabiqəsini gözəl təşəbbüs kimi qiymətləndirib.
Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, agentliyin fəaliyyəti daima kütləvi informasiya vasitələrinin (KİV) diqqət mərkəzindədir: “İcbari tibbi sığortanın tətbiqi nəticəsində qazanılan nailiyyətlər barədə əhalinin dolğun və obyektiv məlumatlandırılmasında KİV-in rolu böyükdür. Pilot layihənin tətbiqində media bizim uğurlu tərəfdaşımız, yardımçımız olub”.
Agentliyin tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov əhalinin sağlamlığının qorunmasının dövlətin sosial siyasətində önəmli yer tutduğunu diqqətə çatdırıb. O, Agentliyin İTS-nin hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində çalışdığını qeyd edib. V.Qurbanov belə tədbirlərin KİV nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rola malik olduğunu vurğulayıb.
Sonra müsabiqədə ilk üç yeri tutanlar mükafatlandırılıblar. Bununla yanaşı, on nəfərə həvəsləndirici mükafatlar da təqdim edilib. Mükafatçılar sırasında AZƏRTAC-ın müxbiri də var.
Qeyd edək ki, yazı müsabiqəsi ilə yanaşı “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqəsi də elan edilib. Videoçarx müsabiqəsinə kifayət qədər video təqdim edilmədiyinə, həmçinin 3 sosial videoçarxın müsabiqə şərtlərini qarşılamadığına görə namizədlərin qiymətləndirilməsi baş tutmayıb.