CƏMİYYƏT
Ağcabədi rayonunda minaatan mərmisi aşkarlanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da saat 14:44-də Daxili İşlər Nazirliyinin “102 - zəng mərkəzi” xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Avşar kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 120 millimetrlik minaatan mərmisi (OF-843) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmisinin ətrafında 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.