İQTİSADİYYAT
Azərbaycan ötən il Gürcüstana 586 milyon dollarlıq məhsul ixrac edib
Tbilisi, 21 yanvar, AZƏRTAC
Keçən il Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi 1 milyard 88 milyon 790 min dollar təşkil edib. 2018-ci ildə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,7 faiz olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir.
Bildirilir ki, ötən il Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı olub. Belə ki, keçən il Gürcüstandan Azərbaycana 502 milyon 762 min dollarlıq məhsul ixrac edilib. Azərbaycan Gürcüstanın ümumi ixracında 15 faizlik paya sahib olub, bununla da ölkənin məhsul ixrac etdiyi ölkələr siyahısında birinci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 586 milyon 63,8 min dollar dəyərində məhsul idxal edib. Gürcüstanın ümumi məhsul idxalında Azərbaycanın payı isə 6,4 faiz olub. Bu göstərici ilə Azərbaycan idxala görə Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdə qərarlaşıb.
Ötən il Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 17 faiz artaraq 12 milyard 484,4 milyon dollar təşkil edib. Bu ölkənin ixracı 3 milyard 362,1 milyon dollar (+22,9 faiz), idxalı isə 9 milyard 122,3 milyon dollar (+14,9 faiz) olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi