QAN YADDAŞI
“Amos News” xəbər agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayıb
Buxarest, 21 yanvar, AZƏRTAC
Rumıniyanın “Amos News” xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin “20 Yanvar - Azərbaycan xalqının matəm günü” sərlövhəli məqaləsini yayıb.
Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilir, öz konstitusiya hüquqlarının bərqərar olunmasını tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır.
Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayır. Bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.