İQTİSADİYYAT
® “Rabitəbank” 25-ci ilini mənfəətlə tamamladı
Ölkənin qabaqcıl banklarından olan "Rabitəbank" 25 illik fəaliyyətini mənfəət və bütün sahələrdə yüksək göstəricilərlə tamamladı. Bu barədə bankın rəhbərliyi ilin yekunlarına həsr olunan "2018-ci ilin yekunları və 2019-cu ilin çağırışları" adlı ənənəvi konfransda bildirib.
Konfrans bankın əsas səhmdarları, Müşahidə Şurası, idarə heyəti, baş ofis və bankın 25 şöbə və filiallarında çalışan struktur rəhbərlərin iştirakı ilə keçirilib. Bankın rəhbərliyi əməkdaşlarla 2018-ci ilin nəticələrini bölüşüb, 2019-cu ilə dair tövsiyə və gözləntilərini açıqlayıb.
Tədbirdə 2018-ci ildə müxtəlif sahələrdə fərqlənən bankın əməkdaşları kuboklarla təltif edilib.
Səsləndirilən hesabata əsasən, bank 2018-ci ilə 3,1 milyon manat mənfəət və 772 milyon manat aktiv həcmləri ilə yekun vurub. Bankın kredit portfeli 37 faiz artaraq 324 milyon manat, məcmu kapitalı 12 faiz artaraq 102 milyon manat, cəmi gəlirləri 15 faiz artaraq 47 milyon manat, xərcləri isə 44 milyon manat təşkil edib.
2018-ci ildə əvvəlki illə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 23 faiz, istehlak kreditlərinin həcmi 163 faiz, ipoteka kreditlərinin həcmi 170 faiz artıb. Hesabat dövründə sürətli pulköçürmələri 34 faiz, plastik kartların sayı 15 faiz, əməkhaqqı kartlarının sayı isə 21 faiz artıb.
Rəqəmsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etdirib. Bankın internet banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçib. "Rabitəbank" 2018-ci ildə ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi “telegram” və “facebook” messencer üzərindən “chatbot”u istifadəyə verib və bot vasitəsilə pulköçürmələri xidmətini müştərilərə təqdim edib.
Ötən il bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, bankın, Xocalı prospekti 37, "Dəmirçi plaza" ünvanında yeni "Xətai" şöbəsi müştərilərin istifadəsinə verilib. Digər 4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülüb. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək sayı 65-ə çatdırılıb.
2019-cu ildə qarşıya yeni hədəflər qoyan "Rabitəbank" yeni məhsul və xidmətlərlə müştərilərini sevindirməyə və yüksək xidmət göstərməyə davam edəcək.