İDMAN
Vüqar Məmməd: Məqsədimiz yaxşı oyun göstərməkdir
Bakı, 22 yanvar, AZƏRTAC
Plan üzrə oyun dünən keçirilməli idi, ancaq əlverişsiz hava şəraiti ilə əlaqədar “Krasnodar-3” komandası ilə bu gün qarşılaşdıq. Görüş üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşmadan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd müsahibəsində deyib.
Bildirib ki, yoxlama oyunları olsa da, bizim üçün vacibdir və bütün görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdır. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı oyunlar zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var.
Qeyd edək ki, görüşdə qalib müəyyənləşməyib – 1:1. U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.