CƏMİYYƏT
Binəqədi rayonunda qanunsuz ət satışı məqsədilə heyvan kəsiminin qarşısını almaq üçün reyd keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda yerli icra hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələri əməkdaşlarının iştirakı ilə qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib.
Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqəsinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olanları qanunvericiliyin tələblərinə əməl etməyə, qanunsuz fəaliyyət göstərməməyə çağırır və sahibkarlara müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə olunmasını tövsiyə edir.