CƏMİYYƏT
Goranboyda bir ədəd partladıcı aşkarlanıb
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də saat 10:27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 10:29-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Erkəc kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə qədim Alban kilsəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd B-30 partladıcısı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən 22-dək agentlik tərəfindən 15 siqnal (əməliyyat çağırışı) əsasında 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Tovuz rayonlarında, Şəki və Lənkəran şəhərlərində iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib. Yeddi partlamamış hərbi sursat və iki tank əleyhinə mina zərərsizləşdirilib. Bu müddətdə 6090 kvadratmetr ərazi yerüstü yoxlanılıb.