ELM VƏ TƏHSİL
GEANT Assosiasiyası xidmətlərinin təşkili istiqamətində işlər görülür
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası xidmətlərinin təşkili istiqamətində işlər görülür.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə elmi şuranın iclasında beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev məlumat verib. O, şöbədə 2018-ci il ərzində görülmüş işləri diqqətə çatdırıb. B.Nəbiyev institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlığını, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında, ölkəmizdə və xaricdə beynəlxalq konfransların və təlimlərin təşkilində iştirakını, institut əməkdaşlarının xarici alimlərlə birgə elmi tədqiqatlar apardığını qeyd edib. Bununla yanaşı, 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edildiyini diqqətə çatdıran B.Nəbiyev 5 ölkədən 10 alim və mütəxəssis ilə institutda görüşün keçirildiyini, institutun 11 əməkdaşının 18 xarici səfərdə olduğunu, 52 xarici doktorant və dissertantın informatika kursunda iştirak etdiyini bildirib.
Məruzəçi GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildə müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini bildirib, elmi jurnalların beynəlxalq bazalarda indeksləşməsi, eləcə də şöbələr üzrə beynəlxalq əlaqələr və əməkdaşlıq istiqamətində görülmüş işləri diqqətə çatdırıb.
B.Nəbiyev şöbənin fəaliyyət planının təqdim edərək deyib ki, institutun beynəlxalq əlaqələrinin təşkili və aidiyyəti qurumlarla işlərin aparılması, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ilə əlaqələrin yaradılması, konfransların və xarici qonaqlar ilə görüşlərin təşkilində iştirak, konfrans iştirakçıları ilə əlaqələrin yaradılması cari ildə görüləcək işlər sırasındadır.
Şöbə müdirinin sözlərinə görə, cari ildə GEANT Assosasiyası ilə əməkdaşlıq davam etdiriləcək, GEANT xidmətlərinin (eduGAİN, eduVPN, perfSonar, fileSENDER və s.) təşkili işləri aparılacaq, “EaPConnect” çərçivəsində layihə rəhbərləri ilə mütəmadi görüşlər keçiriləcək. Bununla yanaşı, “EaPConnect2” çərçivəsində layihə rəhbərlərinə aidiyyəti məlumatlar təqdim olunacaq, 2020-ci ildə Azərbaycanda təşkil olunacaq “EaPConnect” konfransına hazırlıq işləri aparılacaq.
Fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.