ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutu İtaliyanın “Ferrero” şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 23 yanvar, AZƏRTAC
İtaliyanın “Ferrero” şirkətinin nümayəndəsi Domeniko Manfredi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri və birgə əməkdaşlığın qurulması ilə bağlı müzakirələr aparılıb.
Hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq etdiklərini deyən D.Manfredi fındıqçılığın inkişafında torpaqşünaslığın mühüm rol oynadığını bildirib. O, torpaq və iqlim şəraitinə görə Azərbaycanın yaxın gələcəkdə dünyada fındıq bazarının ən güclü istehsalçısına çevrilə biləcəyini söyləyib.
Daha sonra şirkətin nümayəndəsi müəssisənin torpaq muzeyi ilə tanış olub.
Görüşdə akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Amin İsmayılov və torpaq eroziyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev də iştirak ediblər.