ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçiriləcək
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 28-də Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda 2019-cu il üçün elmi-tədqiqat işləri planının müzakirəsi, elmi şura üzvlərinin AMEA Rəyasət Heyətinin “AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi haqqında”, “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında”, “AMEA-nın əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması qaydalarının təsdiq edilməsi haqqında” qərarları ilə tanış edilməsi nəzərdə tutulur.
Elmi şurada institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının ötən ilin dekabrında Rusiyada (Dağıstan) “Qafqaz xalqlarının dövləti və hüququ: qurulması, inkişafı və müasir vəziyyəti” adlı beynəlxalq elmi konfransında iştirakına dair hesabatı, institutun Qafqaz siyasəti şöbəsinin əməkdaşı Əliyar Əzimovun “Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə Avropa Parlamentinə (Brüssel şəhəri) təcrübə səfəri”nə (09-22 dekabr 2018-ci il) dair hesabatı dinləniləcək.
Həmçinin İnstitutun Qafqaz siyasəti şöbəsinin kiçik elmi işçisi Yeganə Baxşıyevanın “Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri” məqaləsinin (rəyçi tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə) çapa tövsiyə edilməsi müzakirə olunacaq.