DÜNYA
Tokionun “Haneda” aeroportunda pilotsuz avtobusun sınaqları keçirilir
Tokio, 23 yanvar, AZƏRTAC
Tokionun “Haneda” aeroportunda pilotsuz avtobusun sınaqları keçirilir. Yaponiya paytaxtının hava qapısı əcnəbi turistlərin sayının artması səbəbindən muxtar rejimdə çalışan avtobuslar vasitəsilə çatışmayan işçi qüvvəsi problemini həll etməyə çalışır.
AZƏRTAC NHK telekanalına istinadlla xəbər verir ki, “ANA” aviaşirkəti, “Softbank” telekommunikasiya şirkəti və digər şirkətlərlə birlikdə yanvarın 22-də pilotsuz avtobusu mətbuat nümayəndələrinə təqdim edib.
Muxtar rejimdə çalışan avtobus saatda 20 kilometr sürətlə sərnişin terminalı ilə dayanacağı birləşdirən 600 metr məsafəni qət edib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücü avtobus da olsa da, GPS və sensorlardan istifadə edən avtobus özü yolun kənarındakı maqnit markerlər vasitəsilə marşrut üzrə hərəkət edir.
“ANA” şirkəti artıq gələn ildən pilotsuz avtobuslardan istifadəyə başlamağı planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio