CƏMİYYƏT
Ankarada TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının toplantısı keçirilib
Ankara, 23 yanvar, AZƏRTAC
Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” mövzusunda birinci toplantıya TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik edib.
Əvvəlcə o, tədbirin mahiyyəti, rəhbərlik etdiyi komissiyanın gördüyü işlərin məqsədi və qarşıda duran vəzifələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, BMT-nin Minilliyin İnkişaf Hədəflərinin əsasında formalaşdırılan və 2015-ci ildə qəbul edilən Davamlı İnkişaf Hədəflərinin siyahısında 17 hədəf müəyyənləşdirilib. Bu sıralamada 15-ci hədəf yerüstü ekosistemlərin qorunması, bərpası və davamlı istifadəsi, meşələrin davamlı idarə edilməsi, səhralaşmaya qarşı mübarizə, torpaqların deqradasiyası və biomüxtəlifliyə aid zərərlərin dayandırılması məsələlərinə həsr edilib.
Rəsmi açılışda Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Mustafa Şentop, parlamentin ətraf mühit komissiyasının sədri Muhammet Balta, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov və qurumun Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri İsmət Uçma çıxış ediblər.
Çıxışlarda Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti yüksək dəyərləndirilib, qurumun Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının müzakirəyə çıxardığı məsələlərin beynəlxalq əhəmiyyət daşıdığı qeyd olunub.
“Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi üzrə seminar: qanunvericilik və təcrübə” mövzusunda keçirilən ikinci toplantıya Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini Rəcəb Şəkər başçılıq edib.
Hər iki toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəflərinin təqdimatları olub.
Təqdimatçılar təbiətin ağ ciyəri hesab olunan meşə örtüyünün həcmi və əhəmiyyəti, bu sahədəki mövcud problemlər, meşələri əhatə edən risklərin yaratdığı təhlükələr badədə danışıblar. Eyni zamanda, meşələrin idarə olunması qaydaları, onların növləri, qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də meşələr üçün tinglərin hazırlanması və əkilməsi məsələləri barədə məlumat verilib.
Toplantı yekun sənədin qəbul olunması ilə başa çatıb.
Sonra TÜRKPA nümayəndə heyəti Ankaradakı Toxum Geni Bankı və Təbiət Tarixi Muzeyi ilə tanışlıq olub.
Yanvarın 24-də TÜRKPA nümayəndə heyəti Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyində görüş keçirəcək, “Soğuksu” Milli Parkında olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara