İDMAN
Ağdamın “Qarabağ” komandası Antalyada üçüncü yoxlama matçını keçirib
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Ağdamın “Qarabağ” komandası Türkiyənin Antalya şəhərində davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Polşanın “Pyast” klubu ilə qarşılaşıb və görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Ağdam təmsilçisinin qolunu matçın 15-ci dəqiqəsində Araz Abdullayev vurub.
Oyundan sonra fikirlərini bildirən baş məşqçi Qurban Qurbanov deyib: “Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraiti ilə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq”.
Qeyd edək ki, bu oyundan əvvəl Macarıstanın “Uypeşt” komandasına 0:1 hesabı ilə məğlub olan “Qarabağ” Çexiyanın “Bohemians” klubuna qalib gəlib - 3:1.
Rumıniya “Botoşani” kollektivi ilə görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar keçirilməyib.