DÜNYA
Yaponiya Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin təyyarəsinin müvafiq yüksəklikdə uçduğunu bildirib
Tokio, 24 yanvar, AZƏRTAC
Yaponiya Müdafiə Nazirliyi Kaqoşima prefekturasının Kanoya aviabazasından havaya qalxan P3C təyyarəsinin müvafiq yüksəklikdə uçduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, nazirlik təyyarənin Cənubi Koreya Müdafiə Nazirliyinin Şərqi Çin dənizində baş vermiş insidentlə əlaqədar yaydığı bəyanatda olduğu kimi yox, 150 metr yüksəklikdən uçaraq zəruri müşahidəni həyata keçirdiyini elan edib.
Xatırladaq ki, yanvarın 23-də Cənubi Koreyanın Müdafiə Nazirliyi Yaponiya təyyarəsinin bu ölkəyə məxsus hərbi gəmiyə həddindən artıq yaxınlaşması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Yaponiya özünümüdafiə qüvvələrinə məxsus patrul təyyarəsi həmin gün təqribən günorta saat 2-dən sonra İodo rifinin yaxınlığında Cənubi Koreyaya məxsus hərbi gəmiyə 540 metr məsafədə yaxınlaşaraq, 60-70 metr yüksəklikdən uçub. Nazirliyin nümayəndəsinin bildirdiyinə görə, Yaponiya təyyarələri yanvarın 18-də və 22-də də belə təxribat xarakterli hərəkətlərə yol veriblər. Yapon təyyarəsinin son hərəkətini açıq təxribat adlandıran Cənubi Koreya rəsmisi Yaponiya hökumətindən belə halların təkraralanmasının qarşısını almağın tələb edildiyini bildirib.
Yaponiya Müdafiə Nazirliyi bəyan edib ki, Şərqi Çin dənizinin İodo rifi yaxınlığındakı zona Yaponiyanın hava hücumundan müdafiə xəttinə daxildir və özünümdüfiə dəniz qüvvələrinin təyyarələri həmin rayonda müntəzəm patrul xidmətini həyata keçirirlər.
Nazirliyin bildirdiyinə görə, patrul təyyarəsi xarici hərbi gəmiyə yaxınlaşarkən ondan 500 metr məsafəni və 150 metr yüksəkliyi gözləyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio