ELM VƏ TƏHSİL
“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans təşkil olunacaq
Bakı, 24 yanvar, AZƏRTAC
Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfrans Azərbaycan Prezidentinin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamı çərçivəsində təşkil olunacaq.
Tədbirin məqsədi ədibin çoxşaxəli bədii və ictimai fəaliyyətini, zəngin yaradıcılığını bir daha tədqiqat predmetinə çevirmək, onun milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərinə işıq salmaqdır.
Konfransa qatılmaq istəyən teatr xadimləri, alim və mütəxəssislər, doktorant, dissertant və magistrantlar iştiraketmə ərizəsini (Forma 1) doldurmaqla məruzənin tezislərini və məruzəni elektron formada martın 15-dək [email protected] ünvanına göndərməlidir.
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat martın 20-dək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələr konfransdan sonra “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc ediləcək.