ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınmış “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Aİİ-nin rektoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən, tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə düşmüş Xocalı soyqırımından iyirmi yeddi il ötür. Şəhid ailələri və əlil düşmüş insanlar dövlətimizin qayğı və diqqəti ilə əhatə olunur, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxışında deyib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova filmin lentə alınması məqsədi, Xocalı mövzusunda sənədli filmlərin ərsəyə gəlməsi haqqında məlumat verib. O deyib: “Xocalını, xocalılı günlərimi heç vaxt unutmuram. Əlimə qələm alan vaxtdan bəri Xocalıdan, onun başına gətirilən müsibətlərdən, böyüklü-kiçikli şəhid olmuş günahsız insanlarından, igid oğul və qızlarından yazıram. Gücüm çatdıqca, əlim yetdikcə bu qətliamı dünyaya yaymaq üçün çalışıram”.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edən film nümayiş olunub. Tədbir Aİİ tələbələri tərəfində ədəbi-bədii hissə ilə davam etdirilib.
“Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən, fevralın 26-da Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.