İDMAN
“Alfa Romeo” 2019-cu il mövsümü üçün bolidini rəsmi şəkildə təqdim edib
Bakı, 18 fevral, AZƏRTAC
Formula 1 yarışmasının daha əvvəl “Zauber” adı altında çıxış edən “Alfa Romeo” komandası 2019-cu il mövsümü üçün özünün yürüş avtomobilini - “C38” bolidini rəsmi şəkildə təqdim edib.
AZƏRTAC xəbər verir ki, indeksin seçilməsində komanda Peter Zauber tərəfindən bünövrəsi qoyulan nömrələnməni davam etdirmək qərarına gəlib. Yeni bolidin ilk şəkilləri hələ bir neçə gün əvvəl – avtomobilin şeykdaunu (yarışlar ərəfəsində rəsmi testlər) zamanı yayılıb. Həmin vaxt “C38” müvəqqəti olaraq qara-qırmızı livreyaya boyanmışdı. Lakin livreyanın yekun rəngi “Alfa Romeo” markasının özünəməxsus rənginə uyğun olaraq ağ-qırmızı seçildi.
“Alfa Romeo”nu 2019-cu il mövsümündə pilotlar finlandiyalı Kimi Raykkonen və italiyalı Antonio Covinatsi təmsil edəcəklər. Bu gün Barselonada keçirilən testlərdə isə sükan arxasında K.Raykkonen əyləşəcək.