ELM VƏ TƏHSİL
Aİİ rektoru tədris və elmi-tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor tədris və elmi-tədqiqat təcrübələrinin tələbələrin həyatında mühüm mərhələ olduğunu qeyd edib, tələbələri təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb.
Ceyhun Məmmədov vurğulayıb ki, rəhbərlik etdiyi institutun cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi var, Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək məqsədilə yüksəkixtisaslı kadrlar hazırlanmalıdır.
Aİİ-nin ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov elmi-pedaqoji təcrübənin mahiyyətindən, təcrübənin keçirilmə qaydalarından danışıb.
Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi haqqında məlumat verib.
Qeyd edək ki, təcrübələr fevral ayının 18-dən martın 16-dək davam edəcək.