REGİONLAR
Naxçıvanda silahlara nəzarət inspeksiyası keçirilib
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyası keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirməsi aparılıb.
“Avropada adi silahlı qüvvələr haqqında müqavilə”, “Təhlükəsizlik və etimad quruculuğu tədbirlərinə dair Vyana sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 millimetrdən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.
İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.