ELM VƏ TƏHSİL
“UNEC-100” - strateji idarəetmə
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 100 illik yubileyinə qədər daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmağı hədəfləyib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “UNEC-100” inkişaf strategiyasında strateji idarəetməni tam şəkildə təmin etmək üçün strateji hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. 2030-cu ilə qədər UNEC-də insan resursları, maliyyə resursları və informasiya resurslarının idarəedilməsində səmərəliliyi davamlı olaraq yüksəltmək, həmçinin idarəetmə strukturunu optimallaşdırmaq nəzərdə tutulub.
Strategiyada insan resurslarının idarə edilməsində səmərəliliyin əldə olunması üçün akademik və inzibati heyətin formalaşdırılması, onların vəzifə təlimatlarının hazırlanması, peşəkar hazırlıqlarının inkişaf etdirilməsi, məmnunluq səviyyəsinin davamlı nəzarətdə saxlanılması fəaliyyət istiqamətləri kimi təsbit olunub. Eyni zamanda, əməyin motivasiya sistemlərinin davamlı təkmilləşdirilməsi, əməkhaqqı artımının inflyasiya səviyyəsinə uyğunlaşdırılması, karyera yüksəlişində perfomans göstəricilərinin nəzərə alınması da bu istiqamətdə həyata keçiriləcək fəaliyyətlər sırasındadır.
Həmçinin UNEC maliyyə resurslarının idarəedilməsində səmərəliliyi yüksəltmək məqsədilə universitetin maliyyə mənbələrinin diversifikasiya edilməsi və artırılması, sərbəst maliyyə resurslarının səmərəli investisiyalara yönəldilməsi, təhsil haqlarının müəyyən edilməsində sərbəstliyin əldə olunması, maliyyə resurslarının idarəedilməsində fakültələrin rolunun artırılması 2030-cu ilədək fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirib. Buraya, UNEC Tədqiqat Fondunun inkişaf etdirilməsi, UNEC İanə Fondunun təsis olunması, daxili və kənar audit mexanizmlərindən geniş istifadə edilməsi də daxildir.
UNEC-də İdarəetmənin İnformasiya Sisteminin qurulması, elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi, mobil tətbiqlərin dəstəklənməsi, onlayn xidmətlərin çoxaldılması, ödənişsiz Wi-Fi sahələrinin yaradılması, “Scopus” və “Ebsco” kimi elmi bazalara çıxışın təmin edilməsi informasiya resurslarının idarəedilməsində səmərəliliyin yüksəldilməsində fəaliyyət istiqamətləri kimi seçilib.
İnkişaf strategiyasında UNEC-in 100 illik yubileyinədək universitetdə inzibati idarəetmə strukturlarının funksionallığının təmin olunmasının, meqafakültələrin formalaşdırılması prosesinin, eləcə də, kafedraların departament sisteminə keçidinin tamamlanması nəzərdə tutulub.