REGİONLAR
Dil xalqın ən böyük sərvəti, onun tarixini, mədəniyyətini özündə əks etdirən vasitədir
İsmayıllı, 20 fevral, AZƏRTAC
İsmayıllıda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, ziyalılar, məktəblilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər 3 saylı məktəb-liseydə təşkil olunan yığıncaqda rayon icra hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva, təhsil şöbəsinin metodisti Rəna Mirzəyeva, məktəbin direktoru Əhmədağa Ələkbərov və başqaları çıxış edərək, 1999-cu il fevralın 21-də UNESCO-nun baş konfransında təsis olunan Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıb, bunun mədəni müxtəlifliyi, o cümlədən çoxdilliyi təbliğ etmək məqsədi daşıdığını bildiriblər.
Çıxışlarda vurğulanıb ki, dil xalqın ən böyük sərvəti, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitədir. Azərbaycan dilinin qorunmasında, dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi olaraq vurğulayan natiqlər, 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapdığını diqqətə çatdırıblar. Bildirilib ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Dövlət dili haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” fərman və sərəncamlar ana dilimizin zənginləşdirilməsi, təkmilləşdirilməsi və qorunması istiqamətində mühüm rol oynayıb.
Ulu Öndərimizin ana dilimizin saflığı, zamanın tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi ənənəsi Prezident İlham Əliyevin siyasətində də öz parlaq ifadəsini tapıb. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda vurğulanıb ki, ana dilimizin qorunmasına hər birimiz prioritet bir vəzifə kimi yanaşmalı, dilə yad elementlərin daxil olmasına yol verməməliyik.
Tədbirdə “Ana dilim varlığımdır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məktəblilər ana dilimizə həsr olunan şeirlər, atalar sözləri söyləyib, mahnılar ifa ediblər.