ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin “Kaspi” komandası Çelyabinskdən uğurla qayıdıb
Bakı, 20 fevral, AZƏRTAC
Çelyabinsk Dövlət Universitetində Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası və Avrasiya İqtisadi İttifaqı ölkələrinin şagirdləri arasında keçirilən III beynəlxalq diplomatik oyunların final yarışında Azərbaycanı Bakı Slavyan Universitetinin (BSU) “Kaspi” komandası təmsil edib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, oyunlar A.M.Qorçakova adına İctimai Diplomatiyaya Dəstək Fondunun yardımı, Məzunlar Assosiasiyası və Çelyabinsk Dövlət Universitetinin Avrasiya və Şərq fakültəsinin təşkilatçılığı ilə reallaşıb. Layihəyə “Çelyabinsk vilayəti hökumətinin dəstəyi ilə” statusu verilib. Oyunlarda iştirak edən 46 komandadan 35-i Rusiya Federasiyasını, 11-i isə digər xarici ölkələri təmsil edib.
Finalda 3-cü yeri qazanan komandamız diplom və medallarla mükafatlandırılıb.
Diplomatik oyunlara 8 mindən çox adam tamaşa edib. Komandamızı tamaşa zalında azarkeşlərlə yanaşı, Çelyabinskdən min kilometrlərlə uzaqda yaşayan insanlar da dəstəkləyiblər.
Xatırladaq ki, ötən il dekabrın 19-da BSU-nun “Kaspi” komandası “Ən yaxşı tələbə işi” nominasiyasında Ermənistan komandasını on üç yer geridə qoyub, ilk beşliyə düşərək final mərhələsinə vəsiqə qazanmışdı.