MƏDƏNİYYƏT
Böyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə “İolanta” operası oynanılacaq
Bakı, 21 fevral, AZƏRTAC
Aprelin 6-7-də və mayın 25-26-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, mayın 25-də səhnə əsərində İolantanı Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) canlandıracaq. Operanın nümayiş etdiriləcəyi bütün tarixlərdə mavritaniyalı həkim İbn Hakianın partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “Qala Verdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.