REGİONLAR
İmişlidə 98 mindən çox sakin kütləvi tibbi müayinədən keçiriləcək
İmişli, 21 fevral, Mahir Babayev, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, İmişlidə də əhalinin pulsuz kütləvi dispanserizasiyasına fəallıqla başlanılıb. Qısa müddətdə, fevralın 12-dən bəri 12 mindən çox rayon sakini tibbi müayinədən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 5 peşəkar həkim briqadası yaradılıb.
Humanitar aksiya rayon üzrə 98 min 504 nəfəri əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Eynulla Qasımov bildirib ki, aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün mərkəzi xəstəxana ilə yanaşı, 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 12 min 242 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinələrdən keçirilmiş vətəndaşlardan 53 nəfəri ambulator, 10 nəfəri stasionar müalicəyə cəlb olunub, 1 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 2 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.