İDMAN
“Paris 2024”ün Təşkilat Komitəsi breyk-dansın olimpiadanın proqramına salınmasını təklif edib
Bakı, 21 fevral, AZƏRTAC
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi breyk-dansın (idman rəqsi) yarışların proqramına salınmasını təklif edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Paris 2024”ün təşkilatçıları olimpiadanın proqramına, həmçinin qayayadırmanma, skeytbordinq, sörfinqin də daxil olunması təklifi ilə çıxış edib. Bu növlərin 2024-cü ildə keçiriləcək olimpiadanın proqramına salınması ilə bağlı yekun qərar Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən veriləcək. Breyk-dans ötən ilin oktyabrında Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
Xatırladaq ki, “Tokio 2020”nin proqramına beş yeni idman növü - karate, beysbol, skeytbordinq, qayayadırmanma və sörfinq də daxil edilib. Bununla yanaşı, həmin idman növlərinin yalnız 2020-ci ildəki olimpiada üçün nəzərdə tutulduğu, növbəti olimpiadalarda təşkilat komitələrinin yarış proqramını formalaşdırmaq hüququna malik olduğu bildirilib.
XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, XVII Yay Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçiriləcək.