ELM VƏ TƏHSİL
UNEC-in müəllimləri “Müstəqilliklərinin 27-ci ilində türk respublikaları” layihəsində iştirak ediblər
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri türk respublikalarının müstəqillik dövründə keçdikləri yolun araşdırılması ilə bağlı beynəlxalq layihəyə ekspert kimi öz töhfələrini verirlər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin maliyyə və muhasibat fakültəsinin dekanı, dosent Gəray Musayev, türk dünyası iqtisad fakültəsinin müəllimləri Nazim Cəfərov və Araz Aslanlı Ahmet Yesevi Universiteti tərəfindən həyata keçirilən “Müstəqilliklərinin 27-ci ilində türk respublikaları” layihəsində Azərbaycan Respublikası ilə bağlı hissənin araşdırılmasında iştirak ediblər.
Qeyd edək ki, layihə çərçivəsində 1991-ci ildən 2018-ci ilə qədərki mərhələdə Azərbaycanın iqtisadi, siyasi, hərbi, xarici siyasət, təhsil və s. sahələrdə keçdiyi yol araşdırılıb. Ölkəmizin bu müddətdə müxtəlif istiqamətlərdə qazandığı uğurlar təhlil edilib. Bildirilib ki, həllini tapmamış ən ciddi problem Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalmasıdır.
Layihənin yekun hesabatı Ahmet Yesevi Beynəlxalq Universiteti tərəfindən nəşr edilib.