ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Azərbaycanın din təhsili sahəsində təcrübəsindən bəhs edilib
Bakı, 22 fevral, AZƏRTAC
Tatarıstan Respublikası Bolqar İslam Akademiyasının təşkilatçılığı ilə “Müasir tədris sistemində islamşünaslıq və islam teologiyası: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) təmsil edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda “Azərbaycanın din təhsili sahəsində təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, institutun fəaliyyəti barədə məlumat verib.
C.Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahəyə diqqət və qayğının artırılmasından bəhs edib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev hazırda bu nəcib missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirir. Aİİ ölkə başçısının bu sahəyə yüksək diqqət və qayğısı sayəsində yaradılıb.
İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
C.Məmmədov bildirib ki, bu istiqamətdə Türkiyə, Rusiya, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir, bütün bunlarla yanaşı, gələcəkdə institutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Tədbirdə Rusiyanın və digər ölkələrin dövlət və din tədrisi müəssisələrinin, icra hakimiyyəti federal orqanlarının, dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Konfransda milli-mədəni ənənələr, mədəniyyətlərarası və dinlərarası qarşılıqlı anlayışın qorunması və inkişafı məqsədilə dini və dünyəvi tədrisin inteqrasiyası, həmçinin digər mövzular müzakirə olunub.
Səfər çərçivəsində C.Məmmədov keçmiş sovet respublikalarının, o cümlədən Rusiya, Qazaxıstan və Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi barədə müzakirələr aparıb.