DÜNYA
İranın Kürdüstan vilayətində iki terror qruplaşması zərərsizləşdirilib
Tehran, 22 fevral, AZƏRTAC
İranın Kürdüstan vilayətində 13 nəfərdən ibarət 2 terror qruplaşması zərərsizləşdirilib.
AZƏRTAC İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, qruplaşma üzvləri İrandan kənarda xüsusi hazırlıq keçiblər. Onların məqsədi İranda fəaliyyət göstərən sünni din xadimlərini qətlə yetirməkdən ibarət olub.
Açıqlamada qeyd olunur ki, həmin adamların evlərində aparılan axtarış zamanı silah-sursat və partlayıcı maddələr aşkar edilərək götürülüb.
Diqqətə çatdırılıb ki, bəzi dövlətlər İranda sünni din xadimlərini terrorçuların əli ilə qətlə yetirməklə ölkədə ictimai-siyasi sabitliyi pozmağa və dini zəmində qarşıdurma yaratmağa cəhd edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran