ELM VƏ TƏHSİL
Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 22 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və rayon təhsil şöbəsi ilə birgə şagirdlər arasında qəzəl müsabiqəsi təşkil edib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir Rayon Mədəniyyət Mərkəzində “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq” qəzəl müsabiqəsinin yekun turu keçirilib.
Tədbirdə Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin irsindən, yüksək bədii estetik səviyyəyə malik poeziyasından, Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsindən, eləcə də türkdilli xalqların ədəbi inkişafına təsirindən danışıb.
Daha sonra müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi şagirdlərin çıxışları dinlənilib, münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva birinci, 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova ikinci, 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva isə üçüncü yerə layiq görülüb.
Qaliblər fəxri fərmanlarla mükafatlandırılıblar.