İDMAN
İtaliya A Seriyası: Kşiştof Piatek yenidən fərqlənib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 22-də İtaliya A Seriyasının 25-ci turuna “Milan” – “Empoli” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda keçirilən qarşılaşmada “Milan” 3:0 hesabı ilə qələbə qazanıb. Gərgin mübarizə şəraitində keçən birinci hissədə hesab açılmayıb.
İkinci hissənin 49-cu dəqiqəsində Hakan Çalxanoğlunun cinah ötürməsini milanlıların yeni transferi Kşiştof Piatek bir toxunuşla qola çevirib - 1:0. Bu, polşalı hücumçunun cari mövsüm İtaliya A Seriyasında vurduğu 18-ci qol olub. Qoldan iki dəqiqə sonra “Milan” yenidən fərqlənib. Qapıçı ilə təkbətək qalan Frans Kessye aşırma zərbə ilə baxımlı qola imza atıb - 2:0. Oyunda son nöqtəni Sami Kastilyexo qoyub - 3:0. Beləliklə, “Milan” İtaliya çempionatında 8 oyunluq məğlubedilməzliyini qoruyur.
Bu qələbə sayəsində xalların sayını 45-ə çatdıran “rossoneri”lər turnir cədvəlində dördüncü yerdəki mövqeyini saxlayıb, “Empoli” isə 21 xalla 17-ci yerdə qərarlaşıb.