İQTİSADİYYAT


125 nömrəli şəhərdaxili sərnişindaşıma marşrutu üzrə müsabiqənin şərtləri açıqlanıb

A+ A

Bakı, 15 fevral, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin ərazisində fəaliyyət göstərəcək 125 nömrəli müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutu üzrə sərnişindaşıma hüququna dair müsabiqənin şərtlərini açıqlayıb.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə görə, “28 May” metro stansiyası - “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində xidmət göstərilməsi üçün daşıyıcıdan minimum 25 avtobus tələb olunur. Bu avtobuslar minimum 75 sərnişin tutumuna və sayı 30-dan yuxarı oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa avtobuslar səhər saat 06:00-da reysə başlamalı, 23:45-də isə reysi bitirməlidirlər. Avtobuslar arasında hərəkət intervalı isə 5 dəqiqə təşkil etməlidir.

M.Ağayevin sözlərinə görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

“İddiaçılar müsabiqədə iştirak etmək üçün sənədləri aprelin 28-i, saat 17:00-a qədər, müsabiqə təklifləri zərflərini isə martın 15-i, saat 12:00-a qədər Bakı şəhəri Ziya Bünyadov 111, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Bakı Nəqliyyat Agentliyinin inzibati binasında martın 17-də müsabiqə komissiyası tərəfindən açılacaq. İddiaçıların və onların notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər”, - deyə M.Ağayev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.