DÜNYA
Yaponiyada yeni İmperatorun taxta çıxması mərasiminə 195 ölkədən nümayəndələr dəvət ediləcək
Tokio, 20 mart, AZƏRTAC
Yaponiya hökuməti yeni İmperatorun taxta çıxması mərasiminə 195 ölkənin dövlət başçısının və nümayəndələrinin dəvət edilməsini qərara alıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə qərar yeni İmperatorun taxta çıxması ilə məşğul olan hökumət komissiyası tərəfindən qəbul edilib.
Həmin komissiya aprelin 30-da İmperator Akihitonun taxt-tacı tərk etməsi ilə bağlı prosedurlar barədə də razılığa gəlib. Vəliəhd-şahzadə Naruhitonun isə bir gün sonra - mayın 1-də taxta çıxacağı bildirilir.
Komissiya, həmçinin yeni İmperator tərəfindən hökmdarlıq simvollarının, o cümlədən möhürün təhvil alınması mərasiminin detallarını da dəqiqləşdirib. Bunun vəliəhd-şahzadənin taxta çıxması ilə bağlı həyata keçirilən mərasimlər içərisində birincisi olacağı bildirilir.
Yüz doxsan beş ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Sokuirey-Seydon-no-Qi mərasimi oktyabrın 22-nə planlaşdırılır. Həmin mərasimdə yeni İmperator taxta çıxdığını Yaponiya xalqına və bütün dünyaya nümayiş etdirəcək. Qonaqlar, həmçinin dörd gün davam edəcək və İmperator sarayında keçiriləcək rəsmi qəbula da qatılacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio