CƏMİYYƏT
Belçikanın Ham şəhərində ənənəvi Novruz şənliyi təşkil olunub
Brüssel, 25 mart, AZƏRTAC
Belçikanın Ham şəhərində Belçika–Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən ənənəvi Novruz şənliyi təşkil olunub. Tədbirdə şəhər bələdiyyəsinin üzvləri, Flamand regionu ictimaiyyətinin nümayəndələri, yerli KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı Ham şəhəri merinin müavini Marc Heselmans, Belçika–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və səfirliyin nümayəndəsi çıxış edərək, baharın gəlişinin rəmzi olmaqla bərabər, dostluq, barışıq və sülh aşılayan bu bayramın qeyd edilməsinin xalqlar arasında qarşılıqlı anlaşmaya töhfə verdiyini vurğulayıb, Ham şəhərində bu bayramın qeyd edilməsini yüksək qiymətləndirib, bunun davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Şənlikdə 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruzun Azərbaycan mədəniyyətində tutduğu yer haqda iştirakçılara geniş məlumat verilib. Habelə, bir neçə il öncə Ham şəhərinin mərkəzi meydanında ucaldılmış “Qarabağ atı” abidəsinin Azərbaycan və Belçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu vurğulanıb.
Sonra Azərbaycanın bayram adət-ənənələri haqda videoçarx nümayiş etdirilib, milli şirniyyat və mətbəx nümunələrindən ibarət bayram süfrəsi açılıb.
Tədbir yerli mətbuatda işıqlandırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel