REGİONLAR
Füzulidə yeni subartezian quyuları ilə 350 hektardan artıq əkin sahəsi suvarılacaq
Füzuli, 25 mart, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına əsasən, ötən il Horadiz şəhərində və Böyük Bəhmənli, Gecəgözlü, Aşağı Yağlıvənd, Aşağı Kürdmahmudlu, Bala Bəhmənli, Seyidmahmudlu, Qarabağ, Araz Dilağarda kəndlərində ümumilikdə 12 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi ilə rayonun 300 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin edilib.
Dövlət başçısının digər müvafiq Sərəncamı ilə bu il rayonun Horadiz şəhəri, Üçüncü Zobucuq qəsəbəsi, Qazaxlar, Kərimbəyli, Aşağı Yağlıvənd, Qarabağ, Yuxarı Kürdmahmudlu kəndlərində daha 13 subartezian quyusu qazılacaq. Artıq iki quyunun qazılmasına başlanılıb. Subartezian quyularının qazılmasının bir neçə aya başa çatdırılması nəzərdə tutulur. Yeni subartezian quyuları ilə rayonda daha 350 hektardan artıq əkin sahəsi suvarılacaq.
Füzuli rayonunda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün tədbirlər bundan sonra da davam etdiriləcək.