DÜNYA
Yoşihide Suqa: Hökumət yeni dövrün adını təklif edən şəxsin kimliyini açıqlamayacaq
Tokio, 26 mart, AZƏRTAC
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa vəliəhd-şahzadə Naruhitonun taxta çıxmasından sonra başlayacaq yeni döbvrün adını təklif edəcək şəxsin kimliyinin gizli saxlanılacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti vəliəhd-şahzadənin taxta çıxmasına bir ay qalmış, aprelin 1-də yeni dövrün adını elan etməyi planlaşdırır. İmperator Akihitonun şərəfinə adlandırılan Heysey dövrü isə aprelin 30-da, onun taxtı tərk etməsi ilə başa çatacaq.
Y.Suqa bildirib ki, hökumət martın 14-də yeni dövrün adını müəyyən etmək üçün mütəxəssislərdən ibarət xüsusi qrup yaradıb. Bu qrupa yapon və Çin ədəbiyyatı, həmçinin Yaponiya və Şərq tarixi üzrə mütəxəssislər daxildirlər.
Baş katibin bildirdiyinə görə, arzu edilməyən müzakirələrə səbəb olmamaq üçün onların adı açıqlanmır. Y.Suqa əlavə edib ki, həmin şəxslərin kimliyi yeni dövrün adı elan edildikdən sonra da açıqlanmayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio