DÜNYA
Avstriyada sağçı-radikal qrupun yeni zelandiyalı terrorçu Tarrant ilə əlaqəsi araşdırılır
Vyana, 27 mart, AZƏRTAC
Avstriyada aparılan təhqiqatlar zamanı məlum olub ki, Yeni Zelandiyada terror törətmiş Brenton Tarrant nəinki yaxın keçmişdə bu ölkədə azı iki dəfə səfərdə olub, eyni zamanda, buradakı sağçı-radikal qruplarla sıx əlaqədə olub.
AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən sağçı-ekstremist “İdentitarist nəsil” hərəkatının bank hesabına Brenton Tarrant tərəfindən ianə köçürüldüyü müəyyən edilib. Qrats Şəhər Prokurorluğu ekstremist qrupun hesabına bir neçə min avro məbləğində ianə köçürən B.Tarrantın həmin qrupla əlaqələrini araşdırır.
Avropa dəyərlərinin yalnız avropalılar üçün olduğunu və müsəlmanların bu dəyərlərə təhlükə yaratdığı düşüncəsini təbliğ edən “İdentitarist nəsil” hərəkatının rəhbəri Martin Sellner verdiyi açıqlamada isə B.Tarrantı tanımadığını, terror hadisəsi barədə mətbuatdan xəbər tutduqdan sonra ianə barədə rəsmi qurumlara məlumat vermək istədiyini, lakin bunun üçün boş vaxt tapmadığını iddia edib.
Avstriya polisi M.Sellnerin Vyanadakı mənzilində axtarış apararaq kompüter və bir neçə yaddaş diskini təhqiqat məqsədilə götürüb. Hazırda “İdentitarist nəsil” hərəkatına qarşı terrorçu birləşmələrlə əlaqələrə görə cinayət təhqiqatı aparılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana