CƏMİYYƏT
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
Bakı, 18 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “İşsizin DOSTu” layihəsinin əsas məqsədi işsizlərin müvəqqəti məşğulluğunu təmin etməkdir. Yerli icra orqanları və bu kimi təşkilatlar gündəlik həyata keçirdikləri işlərdən əlavə olaraq ictimai faydalı işlər təklif edirlər və həmin işlər xüsusi ixtisas və peşə qabiliyyəti tələb etmir.
AZƏRTAC xəbər verir ki, iş axtaran vətəndaş yerli icra hakimiyyəti orqanlarına müraciət edir və orada işsiz kimi qeydiyyatdan keçir. Həmin məlumat isə “DOST” iş mərkəzinə ötürülür və hər biri ilə bağlanılan əmək müqaviləsi nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas verir.
Hazırda 33 mindən çox vətəndaşla əmək müqaviləsi imzalanıb və aidiyyətı üzrə yerli qurumlara təqdim olunub. Gələcəkdə bu rəqəmin 38 minə çatdırılması nəzərdə tutulub.
“DOST” iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib: “Hazırda ölkəmizdə regionlar üzrə əməkhaqqı 180, Bakı şəhəri üzrə isə 225 manat təşkil edir. İlk olaraq layihə 30 minə qədər işsizin ictimai işlərə cəlb olunmasını nəzərdə tuturdu. Dövlət başçısı tərəfindən əlavə olaraq daha 8 min yer ayrılıb və hazırda həmin yerlərə vətəndaşların qəbulu həyata keçirilir”.
Edilən müraciətlər əsasən ekoloji-saqlamlaşdırma, yaşıllıqların salınması, abadlıq işləri, parkların təmizlənməsi və s. işlərlə əlaqədar olur. Həmçinin sosial xidmət sahəsində çalışmaq istəyənlər də həmin işlərə cəlb olunurlar.
Müraciət edənlərin 8 min nəfərini paytaxt sakinləri təşkil edir. İşə qəbul edilənlərin kartları avtomatik rejimdə banklarda sifariş edilir. Vətəndaşlar bankın filialından öz əməkhaqlarını alırlar.