ELM VƏ TƏHSİL
Elmi seminarda bitkiçiliyin inkişafına dair məruzə dinlənilib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayevin “Azərbaycanda bitkiçiliyin dayanıqlı və perspektiv inkişafının iqtisadi coğrafi tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, əkinçiliyin intensiv inkişafına şərait yaradan maddi-texniki baza getdikcə inkişaf etdirilir. Mineral gübrələrlə təminat, ziyanvericilərə qarşı mübarizə, ixtisaslı kadrların hazırlanması sahəsində dövlət səviyyəsində böyük işlər görülür. Kəndli-fermer və ailə təsərrüfatlarına aqrolizinq yolu ilə yeni texnika, avadanlıq, kimyəvi vasitələr alınır. Lakin əkin sahələrinin şirin su ilə təminatında bəzi problemlər qalır. Respublikanın suvarılan torpaqlarının 600 min hektarından çoxu şoranlaşıb. Ən çox şoranlaşmaya məruz qalan torpaqlar Aran iqtisadi-coğrafi rayonundadır. Məhsuldarlığı xeyli aşağı salan şoranlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır.
Tədqiqatçı müəyyən edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına imkan verən təbii-iqlim və torpaq ehtiyatlarından səmərəli istifadə olunmur, onun sahə və ərazi strukturunun təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Bitkiçilik məhsulları istehsalının azalması əhalinin daxili tələbatının ödənilməsində ciddi problemlər yaradıb. Belə ki, ölkə əhalisinin il ərzində 1,3 faiz artımı bitkiçilik məhsullarına olan tələbatı ilbəil artırır. Əksər kənd təsərrüfatı məhsullarının idxalı artdığı halda, ənənəvi ixrac məhsullarının çəkisi kəskin şəkildə azalıb.