ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu Bərdədə abituriyentlərlə görüş təşkil edib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) bölgələrdə yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut əməkdaşlarının növbəti səfəri Bərdə rayonu olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, ilahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev abituriyentlərə institut haqqında məlumat verib, ali təhsil müəssisəsinin tədris prosesi, tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında məruzə ilə çıxış edib.
İnstitutun magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova isə ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunması, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O qeyd edib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə əhatə olunacaq, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyəti ilə bağlı materiallar nümayiş etdirilib.