REGİONLAR
Lənkəranda qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb
Lənkəran, 19 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə idman ictimaiyyətinin rolunun artırılması” mövzusunda müzakirələr aparılıb.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülən işlər barədə danışaraq bildirib ki, Proqramda dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği əsas yer tutur.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında qeyri-ənənəvi dini cərəyanlar, onların təbliğat metodları və həmin cərəyanlara qarşı aparılan mübarizə tədbirləri haqqında iştirakçıları məlumatlandırıb.
Emin Həmidli dini radikalizmə qarşı mübarizə və gənc nəslin radikal dini qruplara qoşulmasının qarşısını almaq üçün onların düzgün dini bilgilərə yiyələnməsinin vacibliyinə diqqət çəkib. O, ölkəmizdə tarixən mövcud olan müxtəlif dinlər və məzhəblər arasında hökm sürən həmrəylik və vəhdətdən danışıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” adlı sənədli film nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.