REGİONLAR
Şamaxıda və İsmayıllıda “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Şamaxı, 20 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şamaxıda Bakı Uşaq Teatrının hazırladığı, insan alveri və onun acı nəticələrinə həsr edilən “Günahsız günahkarlar” tamaşası nümayiş olunub. Şamaxı İncəsənət Təhsili Mərkəzinin akt zalında göstərilən tamaşada rayonun idarə və müəssisələrində çalışan gənclər, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın nümayişindən öncə rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanan tamaşanın əsas məqsədinin gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işini gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan tamaşaçılara insan alverinin törətdiyi fəsadlar barədə məlumat verib, gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam həyat və düşüncə tərzi seçmələri üçün valideynlərə daha diqqətli olmalarını tövsiyə edib.
Real həyatda baş verən hadisələr əsasında hazırlanan tamaşa gənclər arasında məşhur olan “mafiya oyunu” üzərində qurulub. Gənclər yığışıb “mafiya” oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.
X X X
“Günahsız günahkarlar” tamaşası İsmayıllıda da təqdim olunub. Uşaq və gənclərin inkişafı mərkəzində nümayiş etdirilən tamaşaya 350-dək gənc baxıb.