ELM VƏ TƏHSİL
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) tədrisin təşkili, təhsilin daha təkmil olması üçün fərqli yanaşma, yeni ideya, layihə, təklif, rəy, o cümlədən narazılıq və şikayətlərin öyrənilməsi məqsədilə qoyulmuş və şəxsən rektor Elçin Babayevin nəzarət etdiyi “Tələbə qutusu”na, eyni zamanda, universitetin bsu.edu.az rəsmi saytında açılan “Tələbədən rektora” bölməsinə müraciətlər daxil olmaqda davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, aprelin 4-dən 20-dək “Tələbə qutu”suna 612, “Tələbədən rektora” bölməsi vasitəsilə isə 51, ümumilikdə 663 müraciət daxil olub.
Rektor hər iş gününün sonunda müraciətlərin hər birini şəxsən nəzərdən keçirir, onları qruplaşdıraraq mərhələli şəkildə araşdırılması, tədbirlər görülməsi və həlli məqsədilə aidiyyəti strukturlara, fakültələrə tapşırıqlar verir.
Qaldırılan məsələlərin, ideya və təkliflərin əksəriyyəti rektor üçün maraqlı olduğundan onları öz cari və perspektiv fəaliyyət proqramına daxil edib. Konkret faktlar isə bilavasitə araşdırılır və müvafiq tapşırıqlar verilir.