ELM VƏ TƏHSİL
BSU-nun tələbələrinə “İslamda tolerantlıq” mövzusunda mühazirə oxunub
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə filologiya və xarici dil müəllimliyi, Azərbaycan filologiyası və jurnalistika fakültələrində təhsil alan tələbələr üçün “İslamda tolerantlıq” mövzusunda mühazirə keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən kafedra müdiri İbrahim Quliyev İslam dinində tolerantlığın əsas amil kimi qəbul edildiyini söyləyib. Qeyd edib ki, bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dözümsüzlük göstərmədən qarşımızdakı insanı olduğu kimi qəbul etmək tolerantlığın əsas meyar və prinsipidir.
İbrahim Quliyev mühazirənin mövzusunun aktuallığından danışıb, tələbələri maarifləndirici mövzu ətrafında müzakirələrdə fəal olmağa dəvət edib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin dekanı Fuad Nurullayev “İslamda tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərin formalaşmasının əsası tolerantlıqdan keçir.
F.Nurullayev İslam dininin bütünlükdə multikultural dəyərlərdən ibarət olduğunu, son zamanlar dünyada, xüsusən Yaxın Şərqdə, eləcə də Avropada törədilən terror aktlarında İslam xəttinin axtarılmasının heç bir əsası olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, İslam dininin terror, radikalizm və separatizm dini kimi qələmə verilməsi qarşıdurma yaratmaq istəyən qüvvələrin əməlidir.
Fuad Nurullayev İslamın multikultural din olmasını təsdiqləyən ayələrdən söz açıb. Bütün dinlərin, peyğəmbərlərin, müqəddəs kitabların İslamda qəbul edildiyini bildirib.
Mühazirə müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev, filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Səbinə Məmmədova və digər iştirakçılar İslamda tolerantlıq mövzusu ətrafında müzakirə aparıblar.