REGİONLAR
İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır
Lənkəran, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İran İslam Respublikasının Ərdəbil şəhərindən dəvət olunmuş rejissor Qərib Mənuçöhri teatrın səhnəsində İran dramaturqu Bəhram Beyzainin “Sinemarın qətli” əsəri əsasında tamaşa hazırlayır.
Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Səyyad Əliyev və Emin Fərzullayev ifa edirlər.
“Sinemarın qətli” əsəri Lənkəran teatrında İran rejissorlarının quruluşunda hazırlanan ikinci tamaşadır. Bundan əvvəl İran İslam Respublikasının paytaxtı Tehran şəhərindən dəvət olunmuş rejissor Xeyrulla Təgianipur Lənkəran teatrının səhnəsində “İlan Sultan” tamaşasını hazırlamışdı.
Tamaşanın premyerası mayın ortalarında keçiriləcək. Bu səhnə əsəri, həmçinin Azərbaycanın rayonlarında, Bakıda, eləcə də İranın müxtəlif şəhərlərində nümayiş olunacaq.